Harvard-Qıpqırmızı, Yale-Buldoqlar, Brown-Ayılar, Pennsylvania-Qara albatroslar…

Ivy League Schools

Demək olar ki, brendə çevrilmiş ifadə, tələbələrdən təşkil edilmiş müxtəlif növ idman komandalarına və prestijli kolleclər qrupuna verilmiş addır. Ivy cəmiyyətinə mənsub olan universitetlər Amerikada, eləcə də, bütün dünyada kolleclərin qızıl standartı kimi qəbul edilir. Bütün hamı bilir ki, Ivy institutları dünyanın ən yaxşılarındandır.

Bu ad ilk dəfə Ivy Ligasının idman konqresində istifadə edilib və Amerikanın şimal-şərqində yerləşən 8 universitetə işarə edir. Ivy sözü tərcümədə “sarmaşıq” mənasını verir. Bu cür adlandırılmanın iki səbəbi var. Birinci səbəb universitetlərin bir-birinə çox yaxın yerləşməsi və ölkənin şimalına sanki “sarmaşıq” kimi yayılmasıdır. İkinci səbəb isə, 18-ci əsrdə amerikan universitetlərindəki sarmaşıq əkmək ənənəsidir. Belə ki, həmin dövrlərdə tələbələr arasında divarları sarmaşıqlarla əhatələnmiş təhsil ocaqlarına qarşı xüsusi hörmət var idi. Bu səbəbdən də məzuniyyətə hazırlaşan tələbələr üçün xüsusi sarmaşıq əkmə mərasimi keçirilirdi. Ivy liqasını formalaşdıran universitetlər isə Harvard, Yale, Pennsylvania, Brown, Columbia, Cornell, Princeton və Dartmouth universitetləridir.

Hamısı özəl məktəb olsa da, qəbul şərtləri ağır olan və kifayət qədər seçici universitetlərdir. Universitetlərə hər il minlərlə müraciətlər göndərilir. Lakin, kandidatların cüzi bir qismi qəbul edilir. Güclü təhsil sistemi və sadalanan faktlar öz növbəsində universitetlərin həddindən artıq nüfuz qazanmasına və Ivy League adının həddindən artıq prestijli, seçilmiş kolleclər ifadəsi ilə sinonim kimi qəbul edilməsinə gətirib çıxarıb. Bu səbəbdən bir çox insan yanlış şəkildə hətta MIT və Stanford kimi çox prestijli universitetləri belə bəzən Ivy kolleclərindən aşağıda görür.

Ivy universitetlərinin özlərini isə öz aralarında sıralamaq çətindir. Çünki hamısı qabaqcıl təhsil müəssisələridir. Universitetlərin hər biri müəyyən bir xüsusiyyətinə görə Ivyə liderlik edə biləcək potensialdadır. Bu günə kimi müxtəlif mənbələr müxtəlif prinsiplərə əsasən universitetləri dəyərləndirərək onları sıralayıb. Əksər Ivy Liqa reytinqlərində Harvard, Princeton və Yale universitetləri top üçlükdədirlər. Bu üç universitet Ivy siyahısında olmayan ən məşhur amerikan universitetləri (MIT və Stanford) ilə rəqabət halındadırlar. Hətta Ivy Ligası İngiltərənin Golden Triangle, Çinin C9 League, Avstraliyanın Group of Eight, Yaponiyanın İmperial Universities kimi elit universitet qrupları ilə də rəqabətdədir.

Universitetləri maraqlı edən idman komandalarının seçdiyi ləqəblərdir. Harvard universiteti “qıpqırmızı”, Yale universiteti “buldoqlar”, Columbia universiteti “Aslanlar”, Brown universiteti “Ayılar”, Cornell universiteti “böyük qırmızı”, Dartmouth universiteti “Böyük yaşıl”, Pennsylvania universiteti “qara albatroslar”, Princeton universiteti isə “pələnglər” adlanır.

Xanım Xəlilova

CELT Narimanov

xanim@celt.az

012-566-48-23

Leave a Comment

Your email address will not be published. Required fields are marked *