İngiltərədə Təhsil

İngiltərədə Təhsil

Bəzən xaricdə təhsil almaq üçün ölkə seçimi çox da uğurlu olmur. Ancaq hər kəsin düşünmədən seçəcəyi ən yaxşı ölkələrdən birini İngiltərə adlandırmaq olar. İngiltərədə təhsil almaq, ingilis dilini inkişaf etdirmək, karyera qurmaq üçün ideal ölkələr sırasındadır. İngiltərədə təhsil almağınız üçün səbə çoxdur. Məsələn, İngiltərənin hər yerindəki yüzlərlə ali təhsil kolleci və universitet, mühasibliyə zoolojiye qədər çox müxtəlif sahələrdə proqramlar çıxarmaqdadır. İngiltərə kimi, bütün dünyada araşdırma keyfiyyəti və akademikləri ilə məşhur bir ölkədə əldə edəcəyiniz bir diplom bütün arzuladığınız şirkətlərin qapısını açacaq. Bəs gəlin görək İngiltərə sistemi necədir? Həqiqətən də İngiltərədə oxumağa dəyər?

İngiltərədə Təhsil

Böyük Britaniyada ali təhsil bakalavri, magistratura və doktorantura pillələrinə bölünür. Bakalavr pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.
Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Hazırda ölkə üzrə təxminən 600 hazırlıq kursu fəaliyyət göstərir. Bu kurslarda ali məktəbə qəbul üçün müvafiq bilik səviyyəsinə malik olmayan abituriyentlər hazırlaşır. Onların arasında etnik icmaların nümayəndələri çoxluq təşkil edir.
Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.
Oksford və Kembric universitetləri XII, XIII, Qlazqo, Aberden və Edinburq universitetləri isə XIV, XV əsrlərdən fəaliyyət göstərir. Britaniyanın digər universitetlərinin əsası XIX və XX əsrlərdə qoyulub. Ötən əsrin 60-cı illərində və 1992-ci ildə politexnik və digər ali təhsil müəssisələrinə universitet statusu verildikdən sonra universitetlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar.
1987-ci ildə hökumətin dəstəyi ilə Açıq Universitet yaradıldıqdan sonra ölkədə açıq təhsil almaq imkanları daha da genişlənib. Avropa Birliyi ölkələrində yaşayan şəxslərə dərəcələr vermək səlahiyyətinə malik Açıq Universitetin daimi tədris korpusu olmasa da, müvafiq kurslar təşkil edir. Nəzəriyyəçi pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə əməkdaşlığa üstünlük verən bu tədris ocağı xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsil formasından, televiziya və radio verilişlərindən, audio və videomateriallardan, məktəblərdən, təhsil mərkəzləri şəbəkəsindən istifadə edir. Müstəqil 4-cü telekanal vasitəsi ilə tədris proqramları müntəzəm olaraq tamaşaçılara çatdırılır və maarifləndirici verilişlər təşkil olunur.
Birləşmiş Krallığın universitetlərində illik təhsil haqqı 2009-2010-cu tədris ilində bakalavr pilləsi üçün maksimum 3225 ingilis funtu təşkil edib. Universitetdən asılı olaraq magistr və yuxarı pillələr üzrə təhsil haqqı isə daha yüksəkdir.

Əcnəbi tələbələr

Universitetləri əcnəbi tələbə kontingentinə görə dünyada öncül yerlərdən birini tutur. Təbii ki, bunun əsas səbəbi ölkədə yüksək təhsilin və məşhur universitetlərin olmasıdır. Oksford və Kembric kimi tanınmış universitetlərin Britaniyada yerləşməsi də ölkə təhsilinə əlavə nüfuz gətirir.
Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa bölmək olar:
– Universitetlərin nəzdində fəaliyyət göstərən Baza proqramları;
– Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.
Universitet nəzdində fəaliyyət göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.
Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər.

Təhsilin idarə olunması

İngiltərədə təhsil üzrə dövlət katibi məktəb və məktəbdənsonrakı təhsilə nəzarət edir. Şotlandiya, Uels və Şimali İrlandiyanın müvafiq dövlət katibləri də öz ölkələrində eyni səlahiyyətə malikdirlər.
Dövlət tərəfindən maliyyələşdirilən məktəblərin bir çoxu yerli təhsil orqanlarının tabeliyindədir. Yerli təhsil orqanları müəllimlərin maaşının verilməsini təmin edir, məktəblərin maddi-texniki təchizatı işini yerinə yetirir. Özünüidarəetmə sisteminə malik dövlət məktəblərində isə bu işlə idarəedici orqanlar məşğul olur.
İngiltərə, Şotlandiya və Uelsdə təhsil xidmətlərinin bir qismi bilavasitə mərkəzi hökumət tərəfindən maliyyələşdirilir. Vəsaitin böyük bir hissəsi ali təhsilə ayrılır və müxtəlif fond şuraları tərəfindən təyinatı üzrə sərf olunur. Hökumət, eyni zamanda özünüidarəetmə sisteminə malik dövlət məktəblərinin də xərclərini ödəyir.
Yerli təhsil orqanları tərəfindən həyata keçirilən, xüsusi əhəmiyyət kəsb edən layihələrin xərclərini dəstəkləmək məqsədilə mərkəzi hökumət dotasiya ayırır. Bu vəsaitlər dövlət tədris planı, məktəblərin yerli özünüidarəetməsi, müəllimlərin təkmilləşdirilməsi, məktəblərdə texniki biliklərin və tibbi təhsilin dəstəklənməsi üçün xərclənir. Yerli hökumət orqanları dövlət tərəfindən edilən yardımın bölüşdürülməsində sərbəstdirlər.
Şimali İrlandiyada təhsil xərcləri, əsasən Təhsil Nazirliyi tərəfindən ödənilir. Əmək, Ticarət və Sənaye departamentləri də təhsil proqramlarına maliyyə yardımı göstərirlər.
İngiltərə, Şotlandiya və Uelsdə universitetlərə və digər ali təhsil müəssisələrinə hökumət yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım şuraları tərəfindən həyata keçirilir. Şimali İrlandiyada isə universitetlərə yardım Şimali İrlandiya Ali Təhsilə Yardım Şurasının tövsiyəsi ilə birbaşa Təhsil Nazirliyi tərəfindən edilir.

9 thoughts on “İngiltərədə Təhsil”

  1. Salam. Mən xarici universitetlərin birində distant doktorantura təhsili almaq istəyirəm. Bunun üçün nələr edilməlidir. Və ümumi nə qədər xərc olacaq?zəhmət olmasa məlumat verərdiz

  2. Salam. İngiltərə də neft və qaz mühəndisliyi ixtisasın minimum illik ödənişi nə qədərdi? Və necə müddət olur?