İxtisas haqqinda anlayış

Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir.Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir.Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır.

İxtisas üçün lazım olan xüsusiyyətlər.

Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.

Təhsil müddətində əldə edilən biliklər.

Kompüter mühəndisi ixtisası üzrə təhsil alan tələbələr oxuduğu müddətdə hesablama texnikasını, kompüterin və onun müxtəlif komponentlərinin iş prinsiplərini, kompüter şəbəkələrini, onların strukturunu, iş prinsiplərini, oxşar və fərqli cəhətlərini öyrənirlər. Onlar həmçinin geniş yayılmış müxtəlif proqram təminatlarını dərindən mənimsəyirlər.

İş Yerləri.

Kompüter texnikasının geniş istifadə olunduğu müəssisə və təşkilatlar, o cümlədən səfirliklər, böyük istehsalat obyektləri, kompaniya və firmalar, eləcə də kompüter texnikasının satışı və təmiri ilə məşğul olan şirkətlər.

Günel Qulamova
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center) 
Mob: (+994) 55 737 83 06
Office: (+994) 12 538 38 33
Email: 
gulamova@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla