Bənzər adları olan bu ixtisaslar haqqında kifayət qədər məlumatı olmayan insanlarda qarışıqlıq yaradır. Bunun üçün qərara gəldik ki onlar haqqında sizdə müəyyən bir təəssürat formalaşdıraq. İzahata keçməzdən əvvəl isə bir sualla qısa xülasə vermək istəyirəm. Ətrafda gördüyümüz bütün texniki vasitələrin olmadığı bir dünya təsəvvür edə bilirsinizmi? Süni orqanların hazırlanması, ev işləri görən robotlar, plastik cərrahiyyə kimi əsrin böyük nailiyyətlərini ağıldan çıxarmaq elə də çətin olmadı zənnimcə. Bəs gündəlik istifadə etdiyimiz saat, telefon, soyuducu, avtobus, metro, su içib atdığımız plastik şüşələr, plastik paketlər, hətta kağız və qələm necə? Onlar da ağlınıza belə sürətli gəldimi? Ətrafımızda bizə çox adi gələn, lakin mexanika olmadan imkansız olan o qədər çox şey var ki. Gəlin bir qədər daha araşdıraq, görək mexanika mühəndisliyi nədir… Mexanika mühəndisliyi materialşünaslıq, fizika və mühəndislik qanunlarını öyrənərək parçaların istehsal edilməsi, istehsal edilmiş məhsulun analizi və uzunmüddətli işləkliyini təmin edir. Yuxarıda sadaladığımız ən adi şeylərin belə sxeminin çəkilməsindən, istehsal materialının seçilməsinə və həmin materialların hazırlanmasına kimi bütün işləri mexanika mühəndisləri edir.

Mexanika mühəndisliyi ayrıca bir sahə kimi 18-ci əsr Sənaye İnqilabı dövründə meydana çıxıb. 19-cu əsrdə fizikaya və fizikanın inkişafından sonra mexanikaya marağın artdığını müşahidə edə bilərik.

Kurs müddətində keçirilən əsas fənlərə isə riyaziyyat, fizika, statistika, dinamika, material mühəndisliyi, termodinamika, istehsalat mühəndisliyi, kompüterləşdirilmiş dizayn, məhsul dizaynı aiddir.

Magistratura pilləsində mexanika mühəndisləri texnologiya, mühəndislik, mühədisliyin idarəedilməsi kimi ixtisaslar seçə bilərlər.

Həyatımızın hər sahəsində olduğu üçün buradan məzun olduqdan sonra kariyera imkanları da kifayət qədər genişdir. Mexanika mühəndisliyi ilə yanaşı, tibb sahəsi ilə bağlı olan biomexanika, elektrik və elektronika, neft, nəqliyyat və sənayenin digər müxtəlif sahələrində işləyə bilərlər.

Mexatronika və robototexnika da mexanika kimi mühəndisliyin bir hissəsi olub, daha çox kompüter mühəndisliyinə yaxındır. Başqa sözlə desək, mexatronika mühəndisləri robot sistemlərinin idarəetməsini, robototexnika mühəndisləri isə robotların hazırlanmasını öyrənirlər. Mexanika mühəndisliyi həyatın bütü sahələrinə aid olduğu halda mexatronika və robototexnika xüsusən robotlaşdırma sənayesi üzrə fokuslanır və həmin robotları idarə edən sistemləri, onların proqramlaşdırılmasını, hazırlanmasını tədqiq edirlər. Lakin mexatronika və robototexnikanı mexanikadan ayırmaq düzgün deyil. Çünki mexatronika və robototexnikanın hər ikisi öz iş prinsiplərində mexanikaya əsaslanırlar. Mexatronika və robototexnika idarəetmə və avtomatlaşdırma prinsiplərinə əsaslanırlar.

Mexatronikada süni intellekt, ümumi idarəçilik sistemləri, robototexnik sistemlərin layihələşdirilməsi, layihələrin idarəedilməsi, matlab (riyazi laboratoriyalarda keçirilən dərslərdir ki burada simulasiya vasitəsilə robotların işləmə prinsipləri öyrənilir) kimi fənlər keçirilir.

Kariyera baxımından isə gələcəyin ixtisası olan robototexnika və mexatronika mexaniki vasitələrin mövcud olduğu istənilən sahədə işləmək imkanı yaradır. Tibb, hərbi sahə, elektronika, aviasiya, gündəlik məişət sahələrinə inteqrasiya edən bu ixtisaslar, həmçinin sadalanan sahələrdə iş perspektivləri də təklif edir.

Xanım Xəlilova

CELT Narimanov

xanim@celt.az                                         

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla