Hollandiya həm yaşamaq üçün, həm gəzmək üçün, həm də təhsil almaq üçün ən gözəl ölkələrdən biridir! Bəs gəkin görək ölkənin üstünlükləri nələrdir və burada həqiqətən də təhsil almağa dəyərmi? Əvvəlcə ölkənin quruluşu ilə tanış olaq…

Niderland və ya Hollandiya haqqında qısa məlumat

Ölkənin rəsmi adı Niderlanddır. Mənası “alçaq ərazi” deməkdir. Belə ki, ölkə ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. 12 əyaləti olan ölkənin yalnız iki qərb əyalətinin (Şimali və Cənubi Hollandiya) adı Hollandiyadır. Bu əyalətlər tarixən ölkənin ən inkişaf etmiş əraziləri olub və hazırda da dövlətin siyasi, iqtisadi və mədəni həyatında aparıcı rol oynayırlar. Bu səbəbdən Niderland əvəzinə ölkəni Hollandiya da adlandırırlar.  Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramları üzərində nəzarəti həyata keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil sisteminin monitorinqini aparır və standartları müəyyən edir. Bu isə, öz növbəsində, bütün məktəb və universitetlərdə təhsilin yüksək səviyyədə aparılmasını təmin edir.

Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Onların böyük əksəriyyəti bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli kurslar və ixtisasartırma proqramlarından ibarətdir.

Ölkənin ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti (Universiteit Leiden) 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət universitetinin 10-u “Times Higher Education World University Rankings”in hesabatında dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşır.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir.

Üçpilləli təhsil sistemi

Hollandiyada üçpilləli ali təhsil sistemi mövcuddur. Birinci pillədə üçillik və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə 180  və ya  dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) almaq lazımdır.

İkinci pillədə magistr proqramları təklif olunur. Burada təhsil 1 və ya 2 il davam edir. Magistr dərəcəsinin alınması üçün müvafiq olaraq 60 və ya 120 kredit qazanmaq lazımdır. Təbiət elmləri və texnologiyalar sahəsi üzrə ikiillik proqramlar nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin analoqu) proqramı daxildir. Bu pillədə təhsil almaq istəyənlərin magistr dərəcəsinin olması zəruridir. Doktorluq dərəcəsi yalnız universitetlər tərəfindən təklif olunur. Bu pillədə təhsil ən azı dörd il davam edir. Doktorluq dərəcəsinin alınması üçün təhsilin sonunda dissertasiya işi müdafiə olunmalıdır.

Universitetlər haqqında əsas məlumatlar

Qeyd etdiyimiz kimi, Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Bu proqramların əksəriyyəti bakalavr, magistr, doktorluq dərəcələri, diplom və ya sertifikatların verilməsi ilə başa çatır.

Hollandiyada ali təhsil müəssisələri kimi universitetlər (Wetenschappelijk Onderwijs, WO), Beynəlxalq Təhsil İnstitutları (Internationaal Onderwijs, IO) və ali peşə təhsili universitetləri (Hoger Beroepsonderwijs, HBO) fəaliyyət göstərir.

Klassik universitetlər (WO) əsasən humanitar elmlərin tədrisi və elmi-tədqiqatların aparılması ilə məşğul olur.

Ölkədə fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu (Internationaal Onderwijs, IO) digər ali təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edirlər. Hər il bu institutlara təxminən 13 min əcnəbi tələbə daxil olur. Bu təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.

Hazırda Hollandiyada dövlət tərəfindən tanınmış 14 klassik universitet fəaliyyət göstərir. Onlardan üçü (Delft, Tvent və Eyndhofen universitetləri) texniki ali təhsil müəssisələridir. Bundan əlavə, ölkə ərazisində 42 ali peşə təhsili universiteti (universities of professional education) mövcuddur. Universitetlər əsasən tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Ümumilikdə, Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur.

Onu da qeyd edək ki, digər ölkələrdən fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün universitetlərinin diplomu eyni dəyərə malikdir və digər ölkələr tərəfindən qəbul edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyələnmək istədiyi ixtisasa uyğun olaraq seçilir.

Hollandiyada 2002-ci ildə qəbul olunmuş ali təhsil haqqında Qanuna əsasən, universitetlər tərəfindən təklif edilən bütün tədris proqramları akkreditasiyadan keçirilir. Akkreditasiyanın əsas məqsədi universitetlər tərəfindən təklif olunan proqramların yüksək standartlara uyğunluğunu təmin etməkdir.

559 mindən çox əcnəbi tələbə 

Bir il ərzində Hollandiya universitetlərinə təxminən 559 min tələbə daxil olur. Onlardan təxminən 42 mini əcnəbi tələbələrdir. Bu tələbələrin arasında Almaniya, Belçika, Çin, İndoneziya və Vyetnamdan olanlar üstünlük təşkil edir. Əcnəbi tələbələr əsasən biznes və idarəçilik, sosial elmlər, səhiyyə, mühəndislik, incəsənət sahələrinə üstünlük verirlər. Hollandiya hökuməti hər il əcnəbi tələbələr üçün təqaüd proqramlarına təxminən 5 milyon avrodan artıq vəsait ayırır.

Hollandiya universitetlərinə daxil olmaq istəyən əcnəbi tələbələr ilk növbədə müvafiq təhsil proqramını seçməlidirlər. Bu ölkədə oxumaq istəyənlər orta təhsil haqqında attestatı, TOEFL (500-550 bal) və ya IELTS (6 baldan yuxarı) imtahanları və müvafiq kurslar üzrə alınmış qiymətlərə dair sənədləri (ingilis dilində oxumaq istəyənlər) ali məktəblərə təqdim etməlidirlər. Bütün bu sənədlər ingilis dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir.

Hollandiyada təhsil inkişaf etmiş digər ölkələrlə müqayisədə ucuzdur. İllik təhsil haqqı Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin vətəndaşları üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn tələbələr üçün isə  qiymətlər nisbətən yüksəkdir.

Holland dilində ali təhsilin qiyməti ildə orta hesabla 1,5 – 5 min avro təşkil edir. İngilisdilli proqramlara əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün illik bakalavr təhsili orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro civarında dəyişir.

Hər il təxminən 12 min hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində təqaüd alırlar. Hollandiya hökuməti xaricdə təhsil alan tələbələrə ildə təxminən 2 milyon avro (2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır.

Onu da qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Hollandiya universitetlərinə 21 azərbaycanlı tələbə göndərilib. Onlardan 2 nəfər yüksək ixtisaslı mütəxəssis kimi təhsillərini başa vurublar.

8 Comments

  1. univeristet ortalmasi 90 ilets 7 olan biri hollandiyada təqaudle tehsil ala biler?ve birdə orda alacagim magistr təhsili burdaki bakalavrda oxudugum ixtisasa uygun olmasi mutleqdi? zəhmət olmasa cavablandirardiniz

    • Salam. Təqaüd yoxdur. Ama bu nəticə ilə Norveçdə təhsil haqqı olmadan oxuya bilərsiniz. və ya macarıstana təqadə baş vura bilərsiniz. İxtisas yaxın və ya uyğun olmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla