Polşa universitetlərinə qəbul şərtləri və təhsil haqqı

Polşa

7 müxtəlif torpaqla qonşu olan Polşa, Avropanın mərkəzində yerləşir. Çexiya, Litva, Belarusiya, Slovakiya, Ukrayna, Rusiyanın Kalininqrad bölgəsi və Almaniya ilə həmsərhəd olan Polşa şimal-qərbdən Baltik dənizi ilə yuyulur. Ən böyük şəhər olan Varşava, həm də paytaxt şəhər statusundadır. Ölkənin rəsmi dili polyak dilidir. İki dünya müharibəsi görmüş bir ölkə üçün yetəri qədər yaşıllığa və müasirliklə tarixiliyin vəhdət təşkil etdiyi şəhərlərə malik olduğunu demək olar.

Polşada təhsil                                                                                           

Polşa dünya tarixində ilk təhsil nazirliyinə sahib olan ölkə kimi tarixə düşüb. Ölkə, tarixdə iz qoymuş məşhur alimlər yetişdirib. İlk dəfə iki Nobel mükafatı alan məşhur fizik-kimyaçı Marie Kuri və Nikol Kopernik də Polşalıdırlar. Burada təhsil məktəbəqədər bağça təhsilindən başlayır. Orta məktəb təhsili məcburidir və 6-18 yaş dövrünü əhatə edir. Orta məktəb təhsilinin iki növü var: gimnaziyalar və liseylər. Burada məktəblərdə cismani cəza qanunla qadağandır.

Təhsil dövlət tərəfindən idarə edilir. Adi orta məktəblərə Təhsil Nazirliyi nəzarət etsə də, müxtəlif təmayüllü məktəblər müxtəlif nazirliklərin nəzarətindədir. Məsələn, tibbi məktəblər Səhiyyə Nazirliyinə, hərbi məktəblər Müdafiə Nazirliyinə tabedir.

Polşada ali təhsil

Ali təhsil üçün Polşada bütün ixtisaslarda təhsil verən universitetlər var. Bolonya sistemi ilə işləyən Polşa universitetlərinin əksəriyyətində 3 illik bakalavr, 2 illik magistratura təhsili təklif edilir. Lakin tələbələr bir çox universitetdən doktorluq dərəcəsi də əldə edə bilərlər. Bu bölgüdən əlavə, bakalavr və ardınca magistratura təhsili almaq üçün uzunmüddətli dərəcələr də var: farmakologiya üçün 5 il, tibb təhsili üçün 6 il təklif edilir. Xarici tələbələr çox asanlıqla tədrisin ingilis dilində olduğu universitetlər tapa bilərlər. Hazırda 100-dən artıq təhsil müəssisəsi ingilis dilində ali təhsil təklif edir. Eyni zamanda burada rus dilində də təhsil almaq üçün seçim genişdir.

Polşada universitet seçimi çox olduğundan bu, universitetlərarası rəqabətə gətirib çıxarır və məhz elə bu səbəbdən də burada təhsil haqqı digər Avropa ölkələri ilə nisbətdə daha aşağıdır. Bu səbəb isə özlüyündə ali təhsil üçün Polşaya müraciətlərin sayını artırır. Universitetlərin çox olması qəbul şərtlərini də asanlaşdırır. Polşada hətta tibb təhsili üçün belə qəbul daha rahatdır. Buradaki tibb təhsili 7.5 ildir. 6 il universitetdə təhsil aldıqdan sonra 1 il yarımlıq müddətdə tələbələr sahə həkimi kimi praktika keçirlər. Bu praktikanı tələbənin istəyindən asılı olaraq, müəyyən sənədləşmə prosesindən sonra tələbənin öz ölkəsində də keçmək şansı olur. Polşadaki tibb təhsili öz keyfiyyətinə görə heç də digər Avropa ölkələrindən geri qalmır.

Polşa universitetləri

Polşada Warsaw, Wroclaw, Jagiellionian, Lodz, Cracow, Poznan, Silesia, Gdansk və daha bir neçə universitet var. Polşa universitetlərində tibb, hüquq, iqtisadiyyat, menecment, memarlıq, sosial iş, bir çox sahədə mühəndislik, kimya, fizika, kompüter elmləri, incəsənət kimi müxtəlif ixtisaslarda ali təhsil almaq olar.

Qəbul şərtləri

Universitetlərə sənəd qəbulu yaz semesteri üçün yanvar, qış semesteri üçün aprel ayından başlanır. Mərkəzi qəbul sistemi olmadığından hər universitet öz qəbulunu özü həyata keçirir. Qəbul şərtləri isə bakalavr pilləsi üçün orta məktəbin 9, 10, 11-ci sinif, magistratura pilləsində bakalavr pilləsinin orta müvəffəqiyyət göstəricisi əsas şərt kimi tələb edilir. Bundan əlavə təhsil dilinin sertifikatı da tələb edilir. İngilis dilində tədris üçün Polşada IELTS imtahan nəticəsi keçərlidir.

Tələbə vizası

Tələbə vizası Avropa Birliyi ölkələrindən gələn tələbələrin Polşada oxumaq üçün vizaya ehtiyacı yoxdur. Kənar ölkələrdən gələn tələbələr isə tələbə vizası üçün müraciət etməlidirlər. Azərbaycanlı tələbələr viza üçün Bakıdaki Polşa səfirliyinə müraciət etməlidirlər. Viza prosesi ən azı 15 iş günü müddətində rəsmiləşdirilir. Bakıdan viza aldıqdan sonra tələbələr Polşada olduqları müddətdə müvəqqəti yaşayış icazəsi üçün Miqrasiya ofisinə müraciət etməlidirlər.

Yaşayış

Əksər Polşa universitetləri tələbələrini yataqxana ilə təmin edir. Yataqxana ilə təmin edilməyən və ya ümumiliyyətlə tələbə yataqxanasında qalmaq istəməyən tələbələr özləri üçün ev tuta bilirlər. Düzü, xarici ölkəyə yeni gəlmiş tələbələrə daha çox şəhəri tanıyana və bir qədər öyrəşənə kimi tələbə yataqxanasında qalmaq tövsiyyə olunur.

Təhsil haqqı

Polşada təhsil haqqı illik 2000 avrodan başlayır və ixtisasdan və şəhərdən asılı olaraq 6000 avroya kimi yüksəlir. Burada MBA təhsili təqribən 12.000 avro olur.

Xanım Xəlilova

CELT Nərimanov

xanim@celt.az

012-566-48-23

Leave a Comment

Your email address will not be published. Required fields are marked *