Bu gün sizlərə “QIRMIZI nümunə” Motivasiya Layihəsinin növbəti qəhrəmanını təqdim etmək istəyirəm. Qeyd edək ki,layihə qəhrəmanımız  Rövşən Qasımov İngiltərənin Portsmut Universitetində təhsil alır. Bundan əlavə bildirim ki, Rövşən bəyin arzularından biri də məhz elə Motivasiya Natiqi ( motivational speaker) olmaqdır. Əslində elə bu layihə tam onun üçündür. Mən onu suallarımıza cavablarını gördükdə anladım ki, bəli Rövşən bəydə  bu alınır. Ona bu arzusuna çatmağı arzulayaq və oxuyaq görək Rövşən kimdir və o xaricdə təhsil almaqla nə qazanıb …

Rövşən Qasımov – “Kəşfləri izləməyin, kəşflər edin! “

15 yaşım olanda İngiltərəyə təsadüfi bir aylıq səfərim zamanı, on beş illik həyatımda öyrəndiyimdən daha çox şey öyrənə bildim. Bu səyahət zamanı mən hər şeyin müxtəlifliyinin və rəngarəngliyinin şahidi oldum və dəqiq anladım ki, mənim hələ burada öyrənəcəyim çox şey vardır. İngiltərəyə yenə qayıtmaq və daha çox öyrənmək şansım olsun deyə qarşıma məqsəd qoydum ki, mən orada təhsil almalıyam. Çünki, təhsil oraya qayıtmağın yeganə yolu idi. Bir növ desək, əslində təhsil mənim üçün oraya getmək üçün bir bəhanədir. Çünki təhsil orada öyrənə və görə biləcəyiniz bir çox şeylərin sadəcə kiçik bir parçasıdır…

Mən İngiltərənin yeganə ada şəhəri olan Portsmutda eyniadlı universitetdə təhsil alıram. Bunun bəzi səbəbləri var idi. Birincisi qeyd edim ki, bir çox insanlar məhz İngiltərədə Londonuda yaşamaq və təhsil almağı üstün tuturlar , amma ora çox böyük və səs-küylü bir şəhərdir. Yəni əslində hər kəsin istəyinə uyğun deyil. Portsmut isə elə də balaca şəhər deyil, çox müasir bir şəhərdir, Londonda olan hər bir şey bu şəhərdə də var, transport olaraq velosipeddən daha çox istifadə edilir. Yəni əslində Londonun kiçik və əslində deyərdim ki, daha rahat versiyasıdır. Portsmutda vaxt keçirmək üçün əsasən kinoya, oyun zonalarına və ya tanıdığımız başqa tələbələrin evinə gedirik, hansı ki, maraqlı zaman keçiririk. Universitetin özünə gəldikdə isə İngiltərədə reytinqində normal bir yerdədir və bir azərbaycanlı tələbə üçün bakalavr oxumağa gözəl yerdir (təbii ki, bu ora getmək istəyənlərin seçimindən də asılıdır). Dərslər elə də çətin deyil, oxumaq üçün özünə gündəlik bir neçə saatlıq rejim hazırlasan çox rahat olar. Onu da qeyd edim ki, mənim oxuma istəyimin dərəcəsi və ingilislər haqqında daha çox öyrənmək marağım mənim bu şəhərə gəlməyimə səbəb oldu, çünki əhalinin əksəriyyəti ingilislərdir, Londonda isə əhali baxımından tam tərsinədi. 

“Xaricdə təhsil insana nə verir?” yox, “Xaricdə təhsil insana nə vermir ki?” daha yaxşı sualdı.. “Ən kiçik şeylərdəndən” başlasaq, ilk öncə  tək yaşamaq təcrübəsi. Daha sonra qəriblikdə olmaq, xaricilərin əhatəsində olmaq, ünsiyyət vasitəsi kimi müxtəlif dillərdən istifadə etmək və s. Lakin qeyd etdiyim “böyük şeylərə” qədər bir çox şeylər var, məsələn universitetdə verilən təhsil nəticəsində bir sahədə tam ixtisaslaşmaq şansı, əsil Avropa görərək “avropalaşmaq” sözünü tam aydınlığı ilə başa düşmək, onların da özünə məxsus mədəniyyətləri ilə tanış olmaq və s.

Bilirsiniz, hər şey fərqlidi… Eyni heç nə olmayacaq. Hər şey yeni və fərqli…

Bundan əlavə qeyd etmək istəyirəm ki,birincisi hər hansı bir universitetdə oxumağa özünüzü heç vaxt məcbur görməyin, ya da ailənizin qarşısında borc olaraq bilməyin. Ailəniz əslində sizin üçün yaxşı olacağını düşündüklərindən sizi universitetdə müəyyən sahədə oxumağa məcbur edir, hansı ki, siz onlara həmin universitetdə və ya sahədə oxumaq istəyinizin olmadığını bildirsəniz və dəqiq nə edəcəyinizi və ya nə istədiyinizi desəniz ailəniz sizə istəmədiyiniz sahədə oxumağa məcbur etməz.

Universitet, təhsil gələcəyə yeganə çıxış yolu deyil, təhsil sadəcə gələcəkdə ayaq altda qalmamaq üçün bir sığortadır. Bilin ki, təhsil sizi həmişə yayındıracaq.. Əsil maraqlarınızı, istəklərinizi həyata keçirin. Heç nəyi təhsildən sonraya saxlamayın. Bəzi insanların ən böyük arzuları tələbə olmaqdır, bu isə sadəcə istəyə və bacara biləcəyiniz ən son və ən asan şeydir… Sizi nə xoşbəxt edirsə, nə sevindirirsə onu tapın və onunla məşğul olun. Bəziləri üçün bəlkə də təhsil elə məhz sevdikləri şeydir, bu da ola bilər… Və əgər təhsil alırsınızsa, mütləq və mütləq istədiyiniz sahəni seçin və ancaq onu oxuyun, çünki sadəcə bu halda təhsil sizə maraqlı gələ bilər. Çünki maraqlanmadığınız sahə sizə heç bir həzz verməyəcək..

Kitab oxumuyun artıq, yazın.. Filmlərə baxmayın, çəkməyə cəhd edin.. Kəşfləri izləməyin, kəşf edin.. Tamaşaçı olmayın, iştirak edin!  

Rövşən Qasımova təçəkkürümüzü bildirirk və Rövşənin sözünə qüvvət qeyd etmək istəyirəm ki, bəli sevdiyin sahə üzrə təhsil almaq vacibdir və əlavə onu da qeyd edim ki, təhsil insanın qurmaq istədiyi gələcəyə açılan ilk qapıdır və bu qapıdan sonra gördüklərin öyrəndiklərin növbəti qapıların açarıdır.

Hələlik…

Növbəti qəhrəmanlarımızla tanış olanadək…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla