Son zamanlar insanlarla, xüsusilə də gənclərlə söhbət apararkən müzakirənin sonunda onların xaricdə təhsil planlaşdırdığını eşidirik. Bəs, görəsən, ətrafdaki bu qədər insan niyə ölkəmizdə yox, xaricdə təhsil almaq arzusundadır? Doğrudan mı bu, bu günün tələbidir?

    Bir qədər keçmişə qayıtsaq tarix səhifələrimizdə xaricdə təhsil almış onlarla ziyalımızın əksini görə bilərik. Hələ cumhuriyyət illərində azərbaycanlı gənclərin xaricdə təhsil alması prioriret məsələ kimi gündəmdə idi. Belə ki, inkişaf etmiş Avropa ilə ayaqlaşmaq istəyi, Avropa demokratiyası, Avropa müasirliyi ideyaları cumhuriyyət qurucularını istedadlı gəncləri xarici ölkələrdə təhsil almağa göndərməyə vadar edirdi. Bunun nəticəsi olaraq, keçirilən ilk iclasların müzakirə mövzularından birini 100 azərbaycanlı gəncin xaricdə təhsil alması təşkil etmişdir. Həmin dövr, xaricdə təhsil alan milli ziyalılarımız arasında, Avropada təhsil alan ilk həmyerlimiz Məhəmməd Ağa Şahtaxtinskinin adını biz də birinci qeyd etmək istədik. Ziyalımız Almaniyanın Leypsiq universitetində təhsil alıb. Lakin xaricdə təhsil təcrübəsi bununla yekunlaşmamış, sonralar Fransanın Sarbonna universitetinin də təhsil sistemi ilə bilavasitə tanış olmuşdur. Qurucusu olduğu “Şərqi Rus” qəzeti milli intellektin oyanmasında böyük əhəmiyyət kəsb etmişdir. Bütün bunlarla yanaşı, Şahtaxtinski həm də BDU-nun ilk azərbaycanlı professoru kimi də tarixə düşüb. Qeyd edək ki, Şahtaxtinski ana dilimizdən başqa 7 dildə sərbəst danışmağı bacarırdı.

    Xaricdə musiqi təhsili alan ilk azərbaycanlımız Üzeyir Hacıbəyovu yəqin ki, tanımayan yoxdur. Üzeyir bəy peşəkar musiqi təhsilini Moskvada alıb. Həmçinin, görkəmli bəstəkarın qardaşı Ceyhun Hacıbəyov da xarici ölkədə, Fransanın Sarbonna universitetində, təhsil almışdır. Hacıbəyovlar ailəsinin hər iki nümayəndəsi Azərbaycan tarixində əvəzsiz rol oynayıblar. Ziyalılarımız arasında Əlimərdan bəy Topçubaşovun adını xüsusilə vurğulamaq lazımdır. Çar dumasındakı sayı seçmə deputatlarımızdan olan məşhur hüquqşünas, Sankt Peterburq universitetinin hüquq fakultəsinin məzunudur. Həmçinin, Kaspi qəzetinin də banisidir. Əlimərdan bəy Xalq Cumhuriyyətinin ilk sədri kimi də yaddaşlara yazılıb.

    Peşəkar ədibimiz Yusif Vəzir Çəmənzəminli də bu qəbildəndir. Yazıçı, Daşkənd və Kiyevdə hüquq təhsili alıb. Sadalananlar sırasında Sultan Məcid Qənizadənin adını çəkməmək olmaz. Lüğət və ensiklopediya mütəxəssisi olan Sultan bəy, Tiflis Müəllimlər İnstitutunda təhsil alıb. Bu sıraya Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Talıbzadə kimi daha neçələrinin adını da əlavə etmək olar.

    Yuxarıda adları qeyd olunan şəxslər, hər biri Azərbaycan tarixində əvəzsiz xidmətləri olmuş insanlardır. Hər biri bu və ya digər yolla millətimiz üçün nələrsə etmiş, nələrindənsə keçərək fədakarlıqlar göstərmişdirlər. Düzdür, bu cür hərtərəfli şəxsiyyət kimi yetişməkdə insanın öz daxili potensialı böyük rol oynasa da, burada xarici təhsilin rolunu və böyük təsirini də danmaq olmaz və hətta, mümkünsüzdür. Nəzərə alsaq ki, xarici ölkəyə getməklə siz sadəcə ölkə hüdudlarından uzaqlaşmır, həmçinin, gedəcəyiniz yerin adət-ənənələrini öyrənir, sizin kimi orada olan başqa xalqların nümayəndələri ilə də tanışlıq fürsəti əldə edir və bu yolla da eyni vaxtda bir neçə fərqli mədəniyyət ilə tanış olursunuz. Yeni dillər öyrənmək də başlıca qazacacaqlarınız arasındadır. Təhsilini başa vurub ölkəmizə qayıdanların sayı kifayət qədər olsa da, lakin həyatını orada davam etdirməyi planlaşdıranlar da heç də az deyil. Bu gün Azərbaycanı dünya platformasında layiqincə təmsil edən neçə-neçə elm xadimlərimizin, iş adamlarımızın olduğunu xatırlatmaq bu məqamda yerinə düşər. Yaxşı olardı ki, inteqrasiya prosesi zamanı həmyerlilərimiz maksimum dərəcədə ölkəmizin adını əziz tutaraq uğurlarına uğur qatmağa çalışsınlar.

    Yalnız, unutmaq olmaz ki, xaricdə təhsil almağın yeganə üstünlüyü yeni insanlar tanımaq deyil. Buradaki ən vacib nöqtə əldə edəcəyiniz güclü təhsildir. Məhz elə buna görə də, siz çalışıb bütün diqqətinizi bu istiqamətdə cəmləməlisiniz. Çox təəssüf ki, bu gün xaricdə təhsil almaq istəyən insanlar arasında yalnış bir tendensiya hökm sürür. Belə ki bu insanlar daha çox gedəcəkləri ölkənin prestiji, yaşayış şərtləri, mühiti, orada vaxtlarını necə keçirəcəkləri ilə bağlı düşünürlər. Lakin belə bir şey sizin təhsil həyatınızla bağlı edə biləcəyiniz ən böyük səhv ola bilər. Belə bir seçim qarşısında qalarkən şübhəsiz ki, gedəcəyiniz universitetin prestiji və alacağınız təhsilin keyfiyyəti sizi daha çox maraqlandırmalıdır.

    Hər bir işi öz mütəxəssisindən öyrənmənin lazımlığı prinsipi də xaricdə təhsilə sövq edən səbəblər arasındadır. Məsələn, memarlıq və musiqi üçün edəcəyiniz ən yaxşı seçim, sözsüz ki, bu ixtisasların beşiyi İtaliyadan yana olmalıdır.

    Xaricdə təhsil almağın sizə qatdığı digər bir üstünlük isə, xaricdə təhsil alan insanların daha sərbəst həyat tərzinə öyrəşmiş olmalarıdır. Belə ki, bu zaman əksər işlərini özləri həll edən tələbələr öz ayaqlarının üzərində sərbəst dayanmağı öyrənmiş olurlar. Dünyanın bir çox yerində bu, xaricdə təhsil almaq üçün kifayət qədər yaxşı səbəb sayılır.

    Zənnimcə artıq ölkəmizdə də gənclər, ümumiyyətlə, təhsil sahəsində olan insanlar təhsillərini yad ölkədə davam etdirməyi sadəcə şəxsi prestij xətrinə deyil, gələcəklərini qurmaq, öz sahələrində daha professional olmaq üçün planlaşdırırlar. Onlar çox yaxşı dərk edirlər ki, daha zəngin təcrübəyə malik olmaq üçün bu kifayət qədər yaxşı üsuldur.

    Sonda isə sualımıza cavab olaraq belə bir qənaətə gəldik ki, bizimkilər artıq nə istədiklərini bilir, necə mütəxəssisləşməyin yolunu tapıblar. Və bu gün xaricdə təhsil almaq bizim üçün sadəcə dəb deyil, həm də professionallığa doğru atılmış böyük bir addımdır.

CELT Narimanov contact:

narimanov@celt.az

(012) 566 48 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla