Övladlarımıza hansı yaşdan xarici dil öyrətməyə başlamalıyıq?(Xarici dil öyrənmək üçün ən erkən mərhələ)

Dili erkən yaxud bir qədər gec öyrənmənin daha çox faydalı olduğu kifayət qədər mübahisəli mövzudur. Bu mövzuya indiyə kimi çox mütəxəssislər toxunmuş və hər biri də müxtəlif cür yanaşma nümayiş etdirmişdir. Ancaq bu sadəcə mütəxəssislərin maraq dairəsində olan bir mövzu deyil. Gündəlik məişət həyatında bu, bir çox valideyni də narahat edən çox vacib nüansdır. Məhz elə buna görə də, şəhərin ən məşhur və təcrübəli dil kurslarından biri olan CELT olaraq biz də bu mövzuya toxunmaq, əlimizdən gələn qədər aydınlıq gətirmək istədik. Qeyd etdiyimiz kimi, bu müzakirəyə çoxsaylı aspektlərdən yanaşma mövcuddur. Xarici müəlliflərin fikirlərinə nəzər salsaq, onlar heç də xarici dilin erkən yaşda öyrənilməsinin əleyhinə deyillər. Əksinə, onlar ümumiyyətlə, nəyisə öyrənmənin heç bir halda mənfi təsirinin olmadığını vurğulayırlar. Yeni bir şey öyrənmənin hər yaşda insana yaxşı nələrsə qatdığı ideyasını müdafiə edən müəlliflər, burada zərərli heç nə görmürlər. Gəlin görək bu mövzuda yerli mütəxəssislərimiz nə düşünür…

Ölkəmizin bir neçə məşhur psixoloqunun dediklərini ümumiləşdirsək belə bir nəticəyə gəlib çıxmaq olar ki, onlar uşağın çox aşağı yaşlardan hər hansı bir xarici dili öyrənməyinə elə də müsbət baxmırlar. İkinci bir dil öyrənmək üçün 5 yaşı məsləhət görən mütəxəssislər, buna bu yaşda uşaqların nitq aparatının çox hissəsinin artıq formalaşdığını əsas göstərirlər.  Onlar qeyd edirlər ki, uşaq ilk növbədə öz ana dilini yaxşı mənimsəməli, daha sonra ikinci, hətta üçüncü xarici dili öyrənməlidir. Erkən yaşda ağız quruluşumuz bizim danışdığımız dilə uyğun formalaşır. Bu səbəbdən mütəmadi işlədəcəyimiz ana dilimizdən əlavə başqa bir dilin öyrənilməsi yetəri qədər peşəkar olmayan uşaqlarda çaşqınlıq yarada bilər. Hətta bu bəzi danışıq qüsurlarına, loqonevroz (yəni nitqdəki problemlər, kəkələmə) xəstəliyinə səbəb ola bilər. Həmçinin psixoloqlar gec dil açan uşaqların da başqa bir dili yaş etibarı ilə tez öyrənməsinin əleyhinədirlər. Əlbəttə ki, bunu əsaslandırmaq üçün psixoloq yaxud da logoped olmağa ehtiyac yoxdur. Təbii olaraq, 3 yaşında təzəcə dil açmağa başlayan bir uşaqdan xarici bir dil öyrənməsini gözləmək, onu buna vadar etmək məntiqi cəhətdən də düzgün deyil.

Öz real təcrübəmizdən çıxış etmək məqsədilə kursumuzun tələbələri ilə bu mövzuda söhbət apardıq. Məlum oldu ki, çoxluq erkən yaşda dil öyrənmənin tərəfdarıdır. Tələbələrimiz iddia edirlər ki, öyrənmə prosesinə daha uşaq yaşlarında başlasaydılar əldə etdikləri nəticələr daha yüksək olardı. Bu nöqteyi nəzərdən onlarla razılaşdığımızı vurğulamaq istərdim. CELT Kids də bunun əyani nümunəsidir. Nəinki təkcə biz, bu sahənin peşəkarı olan digərləri də daha çox istifadənin hər daim daha yaxşı nəticələr verəcəyinə əmindirlər.

Yekun nəticədə, əgər bir valideyn kimi öz övladınızın xarici bir dil öyrənməsini istəyirsinizsə və övladınızın hər hansı bir dil qüsuru yoxdursa, bu halda 4 yaşın sonu, 5 yaşın əvvəli yaxşı seçim ola bilər. Bu yaş həm informasiya mənimsəmək və həm də, öyrənmə prosesinə başlamaq üçün uyğundur. Bu yaşlardan aşağı olduğu halda isə, ümumiyyətlə, uşaqlara oynamağa, əylənməyə mane olmamağınız daha məqsədəuyğundur. Daha dəqiq desək uşaqlarınıza uşaq olmağa icazə verin.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla